DEPUTATLIQLA “DOLANAN” BİZNESMEN… – İspaniya millisilə “Real”ı ayıra bilməsə də yenə mandat istəyirbackend

DEPUTATLIQLA “DOLANAN” BİZNESMEN... - İspaniya millisilə “Real”ı ayıra bilməsə də yenə mandat istəyir

Sadə məntiq deyir ki, parlamentin buraxılmasını tələb edən deputatlar növbədənkənar seçkilərə qatılmamalıdırlar. Həmçinin, müşahidələr də göstərir ki, əhalinin böyük qismi həmin şəxslərin əksəriyyətini yenidən parlamentdə görmək istəmir. Əslində, ölkədə elan olunan islahat kursu da bu adamlarla vidalaşmağı diqtə edir.

Lakin istər müstəqil və müxalif sayılan, istərsə də hakim partiyanın siyahısı üzrə namizədliyi verilən şəxslər arasında köhnə parlamentdən qalma, özləri də yeniliklə, müasir dünya görüşü, siyasi proseslərə, ümumiyyətlə, dünyada baş verənlərə baxış açısından xeyli geri qalan kifayət qədər deputat var. Onların arasında hətta əhalinin ironiya ilə qarşıladığı açıqlamalarıyla tanınanlar da az deyil.

Məsələn, 51 Saylı Qusar Seçki Dairəsindən 2 dəfə deputat olmuş və üçüncü dəfəyə də buna iddialı olan Azər Badamov.

Bu deputatın adı ən çox Rusiyada keçirilən Dünya Çempionatı ilə bağlı söylədiklərilə yadda qalıb. Badamov o vaxt demişdi ki, mundialın qalibi Real Madrid” olacaq: “Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Amma bu, artıq sürpriz olar”.

Maraqlıdır ki, bu açıqlamanı verən Badamov idmanla əlaqəli şəxs – Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü olmasına baxmayaraq, dünya çempionatında klubların deyil, ölkə yığmalarının mübarizə apardıqlarını belə bilməyib…

Milli Məclisin “başıaşağı” deputatlarından olan A.Badamov parlamentdə nadir hallarda danışıb, danışanda da əvvəlcədən kağıza yazılan mətnləri oxuyub.

Əvəzində, bu illər ərzində öz şəxsi biznesi, imkanları sarıdan heç də pis təsir bağışlamayıb. Mətbuatda və sosial şəbəkələrdə onun biznesi və obyektlərilə bağlı bir çox məlumatlara və faktlara rast gəlmək olar. Məsələn, araşdırmaçı jurnalist

Cavanşir Həsənlinin deputatla bağlı yaydığı məlumatda deyilir: “YAP-çı deputatı Azər Badamov da həmkarlarından geri qalmayıb, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Deputat Qusarın Azər Xanmətov küçəsində sahəsi 512 kv.m olan ikimərtəbəli ticarət mərkəzi tikdirib, obyekt bu ilin yanvarında istismara təhvil verilib”.

Azər Badamov bu məlumatla bağlı heç bir açıqlama, təkzib verməyib.

Ancaq azsaylı müsahibələrinin birində Qusarın deputatı əvvəllər biznesi olsa da, hazırda yalnız deputat maaşı ilə dolandığını iddia edib və yəqin ki, hamı da buna inanır…

Deputat deyir: “Qusar rayonunda şəhər bələdiyyəsinin üzvü, ardınca isə Qusar Rayon Telekommunikasiya qovşağında rəis olmuşam. Eyni zamanda, Qusar şəhər Səhiyyə Müəssisəsində baş müfəttiş də olmuşam. Həm də Qusarda Dövlət Sosial Müdafiə Fondunun ilk yaradıcılarındanam, orada işləmişəm. Arada bir müddət ciddi biznes fəaliyyətim də olub… Hazırda deputatlıq fəaliyyətimdən başqa heç bir fəaliyyətim yoxdur, heç biznesim də yoxdur. Hər gün Milli Məclisdəyəm. Deputatlıqla dolanıram…”

Nəhayət, Badamovun siyasi proseslərə baxışı, ümumilikdə siyasi fəaliyyəti də belə demək mümkünsə, qeyri-standartdır. Deputat həmin müsahibələrinin birində siyasi fəaliyyətilə bağlı suala belə cavab verib: “Siyasi fəaliyyətim davam edir, dövlət tədbirlərinə dəvət olunuram…”

Bu da millət vəkilinin siyasət anlayışı, siyasi fəaliyyəti…

Əlavə şərhə ehtiyac qalmır. Sadəcə, qeyd etməmək olmur ki, islahatların siyasi qolu olan növbədənkənar parlament seçkisi Milli Məclisə doğrudan da yeni simaların, müasir iqtisadi, siyasi və s. dünyagörüşlü insanların düşməsini tələb edir. Bu isə o deməkdir ki, Milli Məclisin siması mütləq dəyişməlidir…\AzPolitika.info\