Nağıl kimi Parlament seçkisibackend

"Nağıl" kimi Parlament seçkiləri

“Azərbaycan” sözünün izahını dəyişmək zamanıdır. Məsələn, “Odlar Yurdu”nu “Nağıllar Yurdu” deyə dəyişə bilərik. Haqqını verən, uyğun addır. Hər şeyimiz nağıldır. Ümidlərimiz, gözləntimiz, uğurlarımız. Hətta qorxularımız belə nağıldır. Ölümümüzdən belə nağıl çıxardırıq.

“Moskva birdən-birə qurulmayıb” ən çox sevdiyimiz məsəldir. Hər nağılımızın əsas və dəyişməz aforizmidir. Millətimiz pis gündədir, düzəlməliyik deyirsən, “Moskva birdən-birə qurulmayıb” deyəcəklər; biz modern dünyadan 200 il geridəyik deyirik, “Moskva birdən-birə qurulmayıb” deyəcəklər. İndi də, gələcəkdə də deyəcəklər.
Bir neçə dəfə seçkilərdə sadəcə seçici olaraq iştirak etmişəm. Bu zaman baş verən haqsızlıqları görəndən sonra onların saxtakarlıqlarını ortaya çıxartıb işlərinə az da olsa, mane olmuşdum. Bu dəfə ki, isə tamamilə başqa bir şey idi. Gördüklərimi gözləmirdim. Bu həddə çatdıracaqlarını gözləmirdim.

Sədrə gələn tez-tez zənglər baş verəcək hadisənin xəbərçisi idi. Məntəqə digərlərindən uzaq idi deyə “karusel” bizdə gec başladı. Saat 3 idi ki, 200 səs verilməmişdi heç. Seçki qurtaranda isə bu rəqəm 400 olmazdı, nəticədə isə 500 dən çox deyildi.
Tragikomediya izlədim. Mənə tam 13 saat ayaqüstündə, 2 saatdan da çox gözlədərək tamaşa göstərdilər. Seçki prosesində nə sədri, nə katibi, nə üzvləri, nə də zəng edib səs tələb edənləri günahlandırmıram. Günahkar hər birimizik. Səs verən şəxs, müşahidəçi kimi orda əyləşib, yalandan şəffafdı deyərək hər şeyə göz yuman insanlardır. Bakıda olduğu kimi regionlarda da müəllimləri, dövlət işçilərini heyət üzvləri olaraq seçkiyə cəlb etmişdilər. Müşahidəçi qismində çıxış edən şəxslərin əksəriyyəti həmin məktəbin müəllimi, həmin ərazinin katibələri idi. Sırf oyunu qaydasına görə oynayaq adı ilə başqa partiyaların adından müşahidəçi kimi yazılmışdılar. Susur, hətta mənim də susmağım üçün çalışırdılar. Etdikləri saxtakarlığın videosunu paylaşdıqdan sonra hər kəs üstümə düşərək onları biabır etdiyimi, bundan utanmalı olduğumu deyərək yazıq vidi almışdılar. Onlara burda utanmalı olan şəxslərin yalnız onların olduğunu desəm də, yaltaqlıq o qədər qanlarına işləmişdi ki, dediyim sözlərin heç bir əhəmiyyəti yox idi. Bu saxtakarlığa susan həmin müəllimin sabah uşaqlara çalışmağı, savaşmağı, mübarizə aparmağı deyil, yaltaqlığı, sabunluğu öyrədəcəyini bilmirik?! Gələcəyimizi kimlərə əmanət edirik? Riyaziyyat dərsində 72 ilə 69 arasındakı oxşar və fərqlərdən danışacaq, ƏBOB və ƏKOB – nu izah edəcəklər. Həkimlərimiz iynəni dalımıza vurarkən iyrənməyəcəklər, səbəbi tibbdə ayıbın olmaması deyil, səbəbi o dalları dəfələrlə öpmələridir.
Avtobusda dəyərlimizi oturtmağa çalışan adi insanlarıq, oturduğumuz kreslodan qalxmağı gözləyirik.
Haqqı tələb edirdim deyə mənə gülürdülər. Bekar gözüylə baxırdılar. Sən müxalifətçisən deyirdilər. Bu müsəlman deyilsənsə, vahabisən söhbətinə oxşayır. Əslinə baxanda hamısı eyni bezin qırağıdır. Haqqın tərəfdarıyam, düzgünlük üçün çalışıram deyəndə düzəlməyəcək bu ölkə deyib, topayla büllütenləri qutuya atırdılar. Niyə düzəlmir görəsən?! Mənə siz bizim gələcəyimizsiz deyənin, o gələcəyin içinə seçməyinə nə deyim?! Min bir bəhanə ilə uzaqlaşdırmağa çalışdılar ki, iş görülsün, saxtakarlığa mane olmayım.
Nağıllar aləminə bəzən divlər də gəlirdi. Pəncərədən baxıb gəldiklərini görən kimi hər şeyi normala salıb otururdular. Gedən kimi yenə nağıla davam. Bəzən qapının ətrafında xortlanlar peyda olurdu, məni belə aparıb uzaq bir diyarda tutmaq istəyirdilər. O xortlanların əlindən qaça bilməkdən ötrü nələr etmədim ki?! İçəri bəzən nağılın əzilənləri gəlirdi. Dövlət işçiləri olan yazıq məmurlar. Hansı ki, səs verməsə işdən qovulacaq deyə təhdid edilən, xəstəxanadan səs verməsi üçün göndərilən şəxslər. Səs verəndən sonra möhür, imza verilsin deyə israr edirdilər ki, müdirlərinə göstərsinlər. Mənim orda onları çəkdiyimdən xəbərləri yox idi təbii ki. Sədr yandırmamağa çalışsa da verməli olurdu. Valideynlər gəlirdi, hansı ki, uşaqları məktəbdə oxuyur və müəllimləri gəlib səs verməsəz övladınızı gözüm çıxdıya salacam deyə qorxuzmuşdular.
“Karusel”dən danışım sizə. İrəliləyib, inkişaf ediblər. Avtobus servisləri belə var. Gətirib səs verdikdən sonra aparırdılar. Hətta küçələri təmizləyən ali savadı belə olmayan qadınları güclə gətirib səs vermələri üçün məcbur edirdilər. Sədrin yanında dayanıb kimə səs verək, nə yazaq deyə baxırdılar. Sədrsə, mən çəkirəm deyə söz deyə bilmir, gedib səs vermələrini deyirdi. Bir dəfə iki şəxs içəri daxil olub səs verərkən çəkib, paylaşmışdım deyə çəkinirdilər. Tez-tez üzərimə gəlib çəkilişi dayandırmağımı istəyirdi. Polisi çağıracam deyə təhdid edirdi. Akt yazacam deyərək gözümü qorxudurdu. Nə olsun? Et. Tutdur məni. Nə qazanacaqsan?
Bir ümidin də sonuna gəldik. İştirak edən hər bir şəxsə təşəkkürümü və söyüşlərimi göndərirəm. Ümid edirəm düşdüyünüz kadrları övladlarınız görər və sizin kimi bir ana və ataları olduğu üçün utanar. Onların gözlərinə baxarkən etdiyiniz alçaqlıqların fərqinə vararsınız. Ölkəni nə günə qoyduğunuzu övladınız sizdən üz döndərib ölkədən qaçmağa çalışarkən anlayarsınız. “Qocalar parlamenti” gələcəkdə “Qocalar ölkəsi” olacaq. Siz də bu “Qocalar ölkəsi”ndə xoşbəxt yaşayar, analoqu olmayan inkişafın içində viaqra tapa bilməyəsiniz.
Ümidlərimizin içinə seçdiyiniz kimi, seçilənlərdən olasınız. Seçilənin içində boğulasınız. Təşəkkürlər.